Türkiyənin AİB-ə üzvlük cəhdi İrəvana yeni təzyiq imkanları verir - TƏHLİL

turkiyenin aib e uzvluk cehdi irevana yeni tezyiq imkanlari verir tehlil

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi hər zaman gündəmi zəbt edən mövzulardan biridir. Dağlıq Qarabağ münaqişəsi həll olmadan buna yönəlmiş təşəbbüslər heç vaxt səmərə verməyib. 2009-cu ildə Sürix protokollarında ilk dəfə bu təşəbbüsün reallaşmasına cəhd göstərildi, lakin Azərbaycan və Türkiyə ictimaiyyətlərinin reaksiyaları, həmçinin Ermənistanın son anda sənədi ratifikasiyadan imtina etməsi ilə təşəbbüs uğursuz nəticələndi.

 

O zaman Türkiyənin Sürixdə Ermənistanla bir masa arxasına əyləşməsinin səbəbi məlum idi. Avropa Birliyi Türkiyəni öz sıralarına qəbul etmək üçün əsassız olaraq Ermənistanla münasibətləri normallaşdırmaq, sərhədləri açmaq şərti irəli sürmüşdü. Artıq dövr dəyişib, dəyişən dünya şərtləri Türkiyənin Avropa Birliyi ilə münasibətlərini də dəyişdirib, Ankara artıq dəfələrlə ikili standart siyasəti yürüdən Avropa Birliyinə üzvlük niyyətindən imtina edəcəyini açıqlayıb. Bu mənada Avropanın "Ermənistanla sərhədləri aç" təzyiqi də əhəmiyyətini itirmiş olub.  

 

İndi isə deyəsən Türkiyə yenə analoji təzyiqlə üz-üzədir. Rusiya ilə münasibətlərdə yaşanan gərginliyin aradan qaldırılması cəhdləri Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən aktuallaşdırıb. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi  ölkəsinin  Avrasiya İqtisadi Birliyi  ilə  anlaşma imzalamaq niyyətində olduğunu deyib və bildirib ki, Ankara bu birliklə gömrük anlaşmasını imzalamaq təklifi alıb. Bu fikirlər Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərin ortaya çıxa biləcəyi ehtimalı doğurub. Artıq Ermənistan Xarici İşlər Nazirliyi də bəyan edib ki, Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq üçün İrəvanın razılığı tələb olunur. Erməni mediası bu fikri inkişaf etdirərək rəsmi İrəvanın Türkiyə qarşısında sərhədlərin qeyd-şərtsiz açılması şərtini irəli sürməli olduğunu yazır.

 

Öncə bir məsələyə toxunmaq lazımdır. Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmaq niyyəti hansı zərurətdən doğur və Ankara bu niyyətində səmimidirmi? Sualın cavabını Türkiyə iqtisadiyyatının üzləşdiyi problemlərdə, ölkənin daxili siyasi konyukturunda axtarmaq lazımdır. Gerçəklik bundan ibarətdir ki, bölgədə formalaşan yeni şərtlər və xarici siyasətdə yol verilən səhvlər türk iqtisadiyyatına ciddi zərər vurub. Bir neçə örnək verməklə məsələnin nə qədər ciddi olduğunu göstərmək olar.

 

Avropa ölkələri və Rusiyadan Türkiyəyə turist axını zəifləyib və nəticədə ölkənin turizm sektoruna böyük zərər dəyib. Təyyarə insidentindən sonra Rusiya ilə yaşanan siyasi gərginlik aradan qalxsa da, yaşananların iqtisadiyyata mənfi təsiri hələ də qalmaqdadır. Moskva Türkiyədən bir sıra məhsulların idxalına qoyulan qadağanı hələ də aradan qaldırmayıb. Müxtəlif hesablamalara görə, bu sanksiyaların kənd təsərrüfatı sektoruna vurduğu zərər bir neçə milyard dollardır. Türkiyənin Afrikada ən böyük investisiya yatırdığı ölkələrlə - Liviya və Misirlə problemlər yaşadığı da məlumdur, bu səbəbdən özəlliklə ölkənin inşaat sektoru hər il milyardlarla dollar ziyana düşür. Avropa Birliyi ilə problemlər xüsusilə 15 iyul hadisələrindən sonra daha da artıb. Referendum öncəsi Türkiyə hökumət üzvlərinin Hollandiya və Belçikadakı mitinqlərə qatılmasına icazə verilməməsi, alman deputatların İncirlik və Konyadakı hərbi aviabazalara buraxılmaması Avropa mətbuatının gündəmini uzun müddətdir zəbt edib, Almaniya ilə polemikalar artıq aylardır davam edir. Bu gərginlik bir vaxtlar türk turizminin əsas gəlir mənbəyi sayılan avropalı turistlərin Türkiyəyə marağını azaldıb. Bu qısa icmal Türkiyəni yeni gerçəkliklə üz-üzə qoyub - iqtisadiyyatı inkişaf etdirmək üçün yeni bazarlar tapmaq lazımdır. Hökumət bu səbəbdən yeni bazarlar axtarışında olduğunu tez-tez açıqlayır, bununla çökməkdə olan kənd təsərrüfatı və inşaat sektorunu ümid vermək istəyir. Afrika açılımı, Şanxay Əməkdaşlıq Təşkilatı açılımı, Qətər açılımı ilə bağlı vədlər türk iqtisadi dairələrini bir müddət ümidləndirib. Amma bu hədəfləri reallaşdırmaq mümkün olmayıb, çünki hansısa bazara çıxış təkcə istəklə bağlı deyil, həm də xarici siyasətlə bağlı məsələdir. Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin gündəmə gətirilməsi eyni mahiyyət daşıyır, yəni Türkiyə bu birliyə üzv ola bilməyəcəyini, bunun qarşısında ciddi siyasi əngəllər olacağını bilir, lakin iqtisadi sektora ümidlər verir.

 

Avrasiya İqtisadi Birliyinə üzvlük, yaxud gömrük anlaşmasını imzalamaq Türkiyəyə nə verə bilər? Türkiyə onsuz da bu birliyə daxil olan ölkələrin bazarlarında (Ermənistan xaric) tuta biləcəyi yeri tutub, rəqabət faktoru Ankaranın Belarus, yaxud Qazaxıstan bazarında tutduğu yeri böyütməyə imkan vermir. Ankara Rusiya bazarında ən azı əvvəlki mövqeləri bərpa etmək istəyirsə, bunun üçün Avrasiya İqtisadi Birliyinə üzvlük şərt deyil. Rusiyanın pomidor və digər məhsulların idxalını bərpa etmək üçün Türkiyə qarşısında Avrasiya İqtisadi Birliyinə üzvlük tələbi qoyması o qədər də inandırıcı görünmür. Nihat Zeybəkçinin açıqlaması daha çox daxili bazarı ümidləndirmək mesajına oxşayır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı analoji fikirlər dövriyyəyə buraxıldığını bir daha xatırlatmağa ehtiyac duyuruq.

 

Bu məsələnin real tərəfidir. İndi isə bir anlığa Türkiyənin rəsmən Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmaq üçün müraciət etdiyini təsəvvür edək. Bu müraciətin müsbət nəticələnməsi qarşısında hansı əngəllər var?

 

Birincisi, Türkiyə bu niyyətini rəsmiləşdirməklə Ermənistanın əlinə əlavə təzyiq vasitəsi vermiş olacaq. Yeni üzvlərin qəbulunu təşkilata üzv bütün ölkələr, o cümlədən Ermənistan ratifikasiya etməlidir. İrəvanın bunu qeyd-şərtsiz etməsi inandırıcı deyil, Ermənistan ən azı fürsətdən istifadə edib sərhədlərin qeyd-şərtsiz açılmasını tələb edə bilər. Sərhədlərin açılması tələbi İrəvanın daim gündəmindədir və Türkiyəyə qarşı əsas təzyiq vasitəsidir. Erməni tərəfi diplomatik münasibətlər qurmadığı, sərhədlərin bağlı olduğu bir ölkə ilə eyni iqtisadi təşkilatda üzvlüyə "hə" deməyəcəklər.

 

İkincisi, sərhədlərin açılması tələbi gündəmə gələrsə, Türkiyə necə reaksiya verəcək? Rəsmi Ankara dəfələrlə bəyan edib ki, sərhədlərin açılması həm də Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Bunu Türkiyə prezidenti hələ baş nazir olarkən 2009-cu ildə Bakıda Milli Məclisdə çıxışı zamanı açıq mətnlə bəyan edib. O bildirib ki, Dağlıq Qarabağın işğalı bitmədən Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Qardaş dövlətin bu jesti iki ölkə arasında strateji münasibətlərin ruhuna tam uyğundur. Amma eyni zamanda xatırlatmaq yerinə düşər ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlanması təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, zamanında rəsmi Ankaranın verdiyi bu qərara Ermənistanın Türkiyəyə qarşı iddiaları səbəb olub. Ermənistan Türkiyədən qondarma "erməni soyqırımı"nın tanınmasını, buna görə təzminat ödəməli olduğunu tələb edir, eyni zamanda Türkiyənin şərqində 7 vilayətə ərazi iddiası  irəli sürür. Rəsmi dövlət simvollarına Türkiyənin ərazisində olan Ağrıdağın görüntüsünün daxil edilməsi ermənilərin öz iddialarında nə qədər israrlı olduğunu göstərir.

 

Zamanında Türkiyədə bəzi siyasilər, xüsusilə ölkənin sabiq xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq qarşısında əsas maneənin Azərbaycanla bağlı olduğunu dilə gətirmiş, sərhədlərin bu günədək bağlı qalmasını Azərbaycanın üzərinə minnət kimi yükləməyə çalışmışlar. Bunun belə olmadığı, sərhədlərin bağlanmasının dörd səbəbindən yalnız birinin Dağlıq Qarabağ münaqişə olduğu həm rəsmi Bakı, həm də Türkiyənin siyasiləri tərəfindən dilə gətirilib. Türkiyə-Azərbaycan münasibətlərindəki səmimilik dozasının artması bu mövqenin bir daha, həm də dəfələrlə səsləndirilməsi vacibdir. Azərbaycan Ermənistanın Türkiyəyə qarşı "soyqrımı", torpaq və təzminat iddialarının əsassız olduğunu nəinki bəyan edib, bu mövqeni istər rəsmi siyasətin, istərsə diaspora fəaliyyətinin əsas istiqamətinə çevirib. Çünki Ermənistana qarşı siyasətdə vahid, koordinasiya olunmuş xəttin yürüdülməsi hər iki ölkənin maraqlarına cavab verir.

 

Həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Bu səfər sözsüz ki, iki ölkə arasında münasibətlərə yeni təkan verəcək. Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşmasında Azərbaycanın oynadığı rol rəsmi Ankara səviyyəsində dəfələrlə minnətdarlıqla bəyan edilib, bu rol ölkəmizin Türkiyə üçün siyasi əhəmiyyətini daha da artırmış olub. Son illər münasibətlərin bütün səviyyələrdə strateji müttəfiqlik səviyyəsinə qaldırılması göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri hər cür geosiyasi maraqların fövqündə durur.  Çünki bu əlaqələri digər dövlətlər olduğu kimi təkcə siyasi və iqtisadi münasibətlərin səviyyəsi müəyyən etmir, əlaqələrin səviyyəsini hər iki ölkənin xalqlarını ortaq tarix, mədəniyyət, dil və din birliyi, ən əsası isə ortaq düşmənlərinin olması formalaşdırır. Bu baxımdan Türkiyə prezidentinin Bakıda sərhədlərin açılmasının mümkünsüzlüyünə dair 2009-cu il bəyanatını yeni və daha kəskin formada səsləndirməsi də gözləniləndi.

 

 

Vüqar Hüseynov, APA Analitik Mərkəzinin rəhbəri

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287