NATO-nun dəstəyi ilə həyata keçirilən “Melanjın ləğvi” layihəsinin başa çatmasına həsr olunmuş konfrans keçirilib

NATO-nun dəstəyi ilə həyata keçirilən “Melanjın  ləğvi” layihəsinin başa çatmasına həsr olunmuş konfrans keçirilib
# 25 iyun 2008 10:30 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanda NATO-nun dəstəyi ilə reallaşdırılan “Melanjın ləğvi” layihəsinin başa çatmasına həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov NATO ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və tərəflər üçün əhəmiyyətli olacağına inandığını bildirib. NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Buro isə alyansın “Sülh naminə elm” proqramı çərçivəsində həyata keçirilən layihə əsasında Azərbaycana dəyə biləcək zərərin artıq tamamilə aradan qaldırıldığını söyləyib: “Dünən biz Azərbaycanın müdafiə naziri ilə görüşdük və o da bu layihənin uğurla başa çatmasından məmnundur. Azərbaycanda artıq melanj yoxdur və ölkə bu kimyəvi maddədən tamamilə azad bir yerdir. Bu layihə NATO-nun tərəfdaş ölkələrə necə əhəmiyyət verdiyini göstərir. Bu proses zamanı heç bir qəza və xoşagəlməz hal baş verməyib. NATO Azərbaycanda qazanılan bu təcrübəni başqa ölkələrdə də tətbiq etməyi düşünür”.
Qeyd edək ki, melanj alüminium çənlərdə saxlanan yüksək səviyyədə azot turşusudur. O, dəriyə düşdükdə dərin yanıqlar əmələ gətirir, buxarlandıqda isə ağciyərlərə daxil olur və insana öldürücü təsir göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR