Azərbaycanda orta məktəb şagirdlərinin yarısı müasir tələblərə cavab verən məktəblərdə təhsil alacaq

Azərbaycanda orta məktəb şagirdlərinin yarısı müasir tələblərə cavab verən məktəblərdə təhsil alacaq
# 06 avqust 2008 10:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu il ərzində Azərbaycanda 161 yeni məktəb binası və əlavə korpuslar tikiləcək, 129 məktəb əsaslı təmir olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov hökumətin bu ilin ilk 6 ayının iqtisadi göstəricilərinə dair prezident yanında keçirilən iclasında deyib. Nazir bildirib ki, yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötəcək. Ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizindən çoxu müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edəcək. M. Mərdanov xatırladıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 184 yeni məktəb binası tikilib, 37 məktəb əsaslı təmir olunub və müasir avadanlıqla təmin edilib. Bu il ərzində 150 məktəbə yeni avadanlıq verilməsi də nəzərdə tutulub. M. Mərdanov Bakı şəhərində 250 məktəbin istilik sisteminin təmir və bərpa olunduğunu, bu il isə Bakı, Sumqayıt şəhərlərində, eləcə də digər şəhər və rayonlarda daha 332 məktəbin istilik sisteminin əsaslı təmirinin başa çatdırılacağını söyləyib. Bu il ərzində 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR