Ali məktəblərin magistratura pilləsinə boş qalan plan yerlərinə internet vasitəsilə ərizə qəbulu başa çatıb

Ali məktəblərin magistratura pilləsinə boş qalan plan yerlərinə internet vasitəsilə ərizə qəbulu başa çatıb
# 08 avqust 2008 11:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ali məktəblərin magistratura pilləsinə boş qalan plan yerlərinə internet vasitəsilə ərizə qəbulu başa çatıb. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. M. Abbaszadə deyib ki, ixtisas seçiminə TQDK tərəfindən iyunun 22-də test üsulu ilə keçirilən imtahanda iştirak edən və ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılıb. Onun sözlərinə görə, bakalavrın ixtisası üzrə topladığı bal 10-dan, məntiq üzrə 17-dən, xarici dil fənni üzrə 7-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün bakalavrın ingilis dilindən topladığı bal 16-dan az olmamalıdır: “Hər bir bakalavr ərizəsində 10-dək ixtisas kodu göstərə bilərdi. Magistratura pilləsi üzrə boş qalan plan yerlərinin ümumi sayı 1238-dir. Onlardan 804-ü Azərbaycan, 84-ü rus, 350 yer isə birgə müsabiqə üzrədir. Boş qalan plan yerlərinə 404 bakalavr internetlə “Bakalavrın elektron ərizəsi” formasını doldurub ki, onlardan 361 nəfəri ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizələrini təsdiq edən bakalavrlar qatılırlar”. M. Abbaszadə müsabiqənin nəticələrinin sabah TQDK-nın internet saytında yerləşdiriləcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR