Kür və Araz çaylarında suyun çirkləndiriciləri normadan 3 dəfə çoxdur

Kür və Araz çaylarında suyun çirkləndiriciləri normadan 3 dəfə çoxdur
# 19 avqust 2008 08:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının və onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqustun ilk dekadasında növbəti monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kürün Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) keçməsi müşahidə olunub. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 1, mis birləşmələri 2 dəfə, Ağstafaçayda fenollar 3 dəfə, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-i keçib. Biogen maddəllərdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 3 dəfə, Bəhramtəpədə fenollar və mis birləşmələri 2 dəfə, I Şahsevən məntəqəsində isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,12-5,95 mq/l arasında dəyişərək norma daxilindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR