Bu gün Azərbaycanda 9 illik təhsil bazasından texnikumlara qəbul imtahanı keçirilir

Bu gün Azərbaycanda 9 illik təhsil bazasından texnikumlara qəbul imtahanı keçirilir
# 21 avqust 2008 07:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2008-2009-cu tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçirir. TQDK-dan APA-ya verilən məlumata görə, imtahan saat 14.00-da başlanacaq. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində 41 binada keçiriləcək.

Komissiyadan bildirilib ki, bu il 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 9452 plan yerinə 23277 abituriyent sənəd verib. Onlardan 14147 nəfəri qız, 9130 nəfəri oğlandır. Bakı şəhərində 10162, Sumqayıtda 1935, Naxçıvanda 659, Gəncədə 2868, Lənkəranda 1364, Mingəçevirdə 1344, Şəkidə 958, Şirvanda 1577, Qubada 904, Göyçayda 1506 abituriyent imtahan verəcək. 1569 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 177 imtahan rəhbəri cəlb olunub.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla, Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dil fənnindən də sualları cavablandıracaqlar. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

9452 plan yerindən 5831-i ödənişsiz, 3621-i ödənişli (ötən il 5392 yer ödənişsiz, 2769 ödənişli) əsaslarla olan ixtisaslardır. Onlardan 8566 yer Azərbaycan, 256 yer rus bölməsinə, 630 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
İmtahanın nəticələri avqustun 25-dək TQDK-nın internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR