«Akkord İnşaat-Sənaye» kütləvi ixtisarlarla bağlı yayılan xəbərləri təkzib edir

«Akkord İnşaat-Sənaye» kütləvi ixtisarlarla bağlı yayılan xəbərləri təkzib edir
# 16 sentyabr 2008 14:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Akkord İnşaat-Sənaye» ASC şirkətdə kütləvi ixtisarlarla bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.
Şirkətin məlumatında qeyd olunur ki, bir sıra böyük layihələrin başa çatdırılması həmin layihələrdə çalışan işçilərin, mütəxəssislərin həyata keçiriləcək yeni layihələr arasında bölüşdürülməsini, ixtisarını (əsasən, xaricdən cəlb edilən işçilərin hesabına) və xarakterindən asılı olaraq bu layihələrdə çalışmaq üçün işçi və mütəxəssislərin seçiminə yenidən baxılmasını tələb edir. Bu da hər hansı maliyyə problemləri və ya başqa səbəblərlə bağlı deyil.
«Bu gün «Akkord»da nəinki hər hansı çətinlik səbəbindən ixtisarlardan söhbət getmir, əksinə, yaradılan yeni müəssisələrimizdə və qoşulduğumuz layihələrdə çalışmaq üçün yeni-yeni işçi və mütəxəssislərin cəlbi istiqamətində işimiz intensiv şəkildə davam edir. Bu sıradan təhvil verdiyimiz və istifadəyə tam hazır vəziyyətdə olan Ağstafa Tikiş Fabrikində işlə təmin olunacaq 1 000 nəfərə yaxın işçi personalını qeyd etmək olar ki, bunların da əsas hissəsi artıq toplanıb», - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Badamdar, Xocahəsən və Novxanıda yaşayış şəhərciklərinin inşası, bir sıra yeni müəssisələrin işə salınması və fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR