Orta məktəblərdə şagirdlərə gündəlik qiymət yazılma sistemi ləğv ediləcək

Orta məktəblərdə şagirdlərə gündəlik qiymət yazılma sistemi ləğv ediləcək
# 22 sentyabr 2008 11:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə şagird nailiyyətlərinin qiymətləndirmə sistemində əsaslı dəyişikliklər edəcək. APA-nın məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, orta məktəblərdə şagirdlərə gündəlik olaraq qiymətlərin yazılmasının ləğvi nəzərdə tutulur. Nazirin sözlərinə görə, bu dərs ili ərzində yeni sistemin mexanizminin hazırlanması, 2009-2010-cu tədris ilindən isə onun sınaqdan keçirilməsinə başlamaq nəzərdə tutulur. M. Mərdanov deyib ki, bu sistemin mərhələli şəkildə tətbiqi planlaşdırılır: “Bu gün məktəblərdə tətbiq olunan qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə əsaslanır. Bu sistem şagirdlərdə təlimə marağı, məsuliyyət hissini artırmaq əvəzinə azaldır. Şagirdlər bir qayda olaraq, qiymət almaq xətrinə oxuyurlar. Ona görə də şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemində köklü dəyişikliklərin edilməsi nəzərdə tutulur”. M. Mərdanov məktəblərdə şagirdlərdən bayram, təmir və ya digər məsələlərə əlaqədar pul yığılmasına qadağanın qoyulduğunu da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR