Azərbaycanda məşğul əhalinin sayı 4 mln. nəfəri ötüb

Azərbaycanda məşğul əhalinin sayı 4 mln. nəfəri ötüb
# 24 sentyabr 2008 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda məşğul əhalinin sayı bu il sentyabr ayının 1-nə 4,04 mln. nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 396,1 min nəfər, orta siyahı sayı isə 1 361,7 min nəfər təşkil edib və onların 871,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 489,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,2%-i istehsal sahələrində, o cümlədən 13,3%-i sənayedə, 5,1%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub. Xidmət sahəsində çalışanların 24,9%-i təhsil, 19,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 9,9%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,8%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,5%-i isə digər sahələrdə cəmlənib.
Cari ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda 4,9 min əcnəbi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,5 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, 1 000 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərməsi sahəsində, 0,5 min nəfəri isə topdan və pərakəndə ticarət sahələrində işləyib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2008-ci il sentyabr ayının 1-i vəziyyətinə Azərbaycan üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 842 nəfər olub və onların 2 395 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 119,9 manat təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 3 nəfər şəxsdən ibarət olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR