Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlığı itirə bilərik”

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlığı itirə bilərik”
# 28 oktyabr 2008 10:42 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib. Onun sözlərinə görə, Quba rayon İcra Hakimiyyətinin başçısı yaxın günlərdə ərazidə muzey yaratmağa başlayacaqlarını söyləyib: “Muzey yaratmaq işinə başlamaq üçün müəyyən tədbirlər görülməlidir. Əks təqdirdə, bizim əziyyətimiz puç olacaq və gələcək nəsil bunu bizə bağışlamayacaq. Bu ərazi ermənilərin iyrənc sifətini açan, onların faşist olduqlarını təsdiqləyən yeganə açıq kütləvi məzarlıqdır. Ötən il baş vermiş sürüşmə nəticəsində biz insan sümükləri ilə dolu quyunun birini itirdik. Bu il muzey işi həll olunmasa, o biri quyunu da itirə bilərik. Ötən il şaxtalı havalar zamanı yuxarıdan axan qrunt suları nəticəsində orada donma yaranmışdı. Birdən-birə hava istiləşdi və sürüşmə yarandı. Bu il də sinoptiklər xəbər verir ki, möhkəm şaxtalar olacaq. Əgər soyuq olsa və qrunt sularının qarşısı alınmasa, həmin hadisə təkrarlana, nəticədə məzarlığı itirə bilərik. Orada mütləq təcili tədbirlər görülməlidir”.

Q. Ağayev xatırladıb ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Quba məzarlığında tədqiqat işlərini sentyabrın 7-də başa çatdıraraq nəticələri yerli İcra Hakimiyyətinə təhvil verib: “Qalan işlər İcra Hakimiyyəti başda olmaqla, aidiyyəti orqanların üzərinə düşür. Bu, xırda məsələ deyil, tarixi siyasi məsələdir. Dövlət orqanları bu məsələyə yüksək səviyyədə yanaşmalıdır”.

Q. Ağayev məzarlığın Qudyalçayın sahilində, yamacda olduğunu, yamacın yuxarısında isə yerli əhaliyə həyətyanı sahələr verildiyini bildirib: “Həyətlərə su veriləndə istər-istəməz həmin su hoparaq məzarlığı yuyur. İlk növbədə bunun qarşısı alınmalıdır. Mənə çatan məlumata əsasən artıq orada arx çəkirlər. Amma o arxın arxa tərəfinə beton tökülməlidir. Eşitdiyimə görə, artıq İcra Hakimiyyəti bu işlə məşğuldur”.

Q. Ağayev kütləvi məzarlıqdakı son durumu öyrənmək üçün bu gün Qubaya gedəcək.

Qubadan millət vəkili seçilmiş Vahid Əhmədov isə İcra Hakimiyyəti tərəfindən məzarlıqda müəyyən işlər görüldüyünü, əlavə vəsait ayrılması üçün hökumətə müraciət olunduğunu vurğulayıb. O, 2009-cu ilin büdcəsindən bu məqsədlə vəsait ayrılacağı ilə bağlı məlumat aldığını deyib.

Quba İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov da hazırda məzarlığın polis tərəfindən ciddi mühafizə olunduğunu söyləyib: “Hələlik işlər dayanıb. Dövlət səviyyəsində böyük bir abidə kompleksinin tikilməsi planlaşdırılır. Əraziyə qrunt suları axmır. Məzarlığın üstü şiferlə örtülüb, yanları tutulub”.

Xatırladaq ki, Qubadakı kütləvi məzarlıqda 410 nəfərin kəllə sümükləri tapılıb. Onların çox hissəsi uşaqlara və qadınlara aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR