Azərbaycanın Sumqayıt şəhərinə kimyəvi zərərli yağışlar yağır

Azərbaycanın Sumqayıt şəhərinə kimyəvi zərərli yağışlar yağır
# 05 noyabr 2008 08:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2008-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində atmosfer havası, yağıntılarla bağlı keçirdiyi monitorinqin nəticəsini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılıb. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin sənaye profilinə uyğun spesifik zərərli maddələr (toz, kükürd qazı, dəm qazı, azot 4-oksid, azot 2- oksid, hidrogen sulfid, his, bərk flüorid, xlor birləşməsi, civə, ammonyak, sulfat turşusu, formaldehid, furfurol və həll olmuş sulfat birləşmələri) üzrə 71 850 nümunə götürülüb. Həmin nümunələr üzərində 72 388 analiz aparılıb.
Monitorinq nəticələrinin təhlilləri göstərib ki, Bakı şəhərində tozun miqdarı normadan 1,3 dəfə, azot 4-oksidin qatılığı isə 2,2 dəfə çoxdur. Formaldehidin konsentrasiyası yanvar-iyun aylarında norma həddində olsa da, iyul, avqust və sentyabr aylarında normadan 1,3 dəfə çox qeydə alınıb. Hidrogen flüorid və xlor birləşmələri yanvar-aprel aylarında normadan 1,3 dəfə çox, iyul, sentyabr aylarında norma həddində, iyun, avqust aylarında isə normadan aşağı olub.
Sumqayıt şəhərində əsas çirkləndiricilərdən tozun orta qatılığı 1,3 dəfə, azot 4-oksidin və hidrogen flüoridin orta qatılığı 2,2 dəfə, xlor birləşmələrinin isə 2,7 dəfə yol verilən qatılıq həddindən (YVQH) çox olub. Gəncə və Mingəçevir şəhərlərində toz, Şirvan şəhərində isə azot 4-oksid 1,3 dəfə YVQH-ni keçib. Naxçıvan, Şəki və Lənkəran şəhərlərinin atmosfer havasında çirkləndirici maddələr norma daxilində olub.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq və cənub yamacları, eləcə də Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xlor, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) aparılıb. İlin 9 ayı ərzində iqlim şəraitindən asılı olaraq bu məntəqələrdən 199 yağıntı (yağış, qar) nümunəsi daxil olub.
Analizlərin nəticələrinə görə, yağıntılarda ionların ən az miqdarı Şəkidə (36,1 mq/l), Lənkəranda (53,6 mq/l), ən çox miqdarı isə Sumqayıtda (455,4 mq/l), Pirallahıda (455,4 mq/l) və Bakıda (308,1 mq/l) qeydə alınıb. Yağıntıların tərkibində ionların əsas hissəsini hidrokarbonat, sulfat, xlorid, kalsium, nitrat ionları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR