Hər il vəfat edən insanların 5 faizi diabet nəticəsində dünyasını dəyişir

Hər il vəfat edən insanların 5 faizi diabet nəticəsində dünyasını dəyişir
# 13 noyabr 2008 13:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. 14 noyabr Ümumdünya Diabet Günüdür. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, BMT-nin 61/225 saylı qətnaməsi qəbul edildikdən sonra 2007-ci ildən başlayaraq hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Diabet ailələr, dövlətlər və bütünlükdə dünya üçün ciddi təhlükə törədərək kəskin ağırlaşmalarla müşayiət olunan xroniki və müalicəsi çoxlu vəsait tələb edən xəstəlikdir. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il vəfat edən insanların 5%-i məhz diabet nəticəsində dünyasını dəyişir və təcili tədbirlər görülmədiyi halda, bu rəqəmin növbəti 10 ildə 50%-ə qədər artacağı ehtimal olunur. Diabet uşaqlar arasında ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Bu xəstəliyə istənilən yaş qrupuna aid uşaqlar (məktəb yaşına çatmamış və yenicə yeriməyə başlayan körpələr də daxil olmaqla) yoluxa bilər.

2007-2008-ci illər üçün Ümumdünya Diabet Günü kampaniyaları “Heç bir uşaq diabet nəticəsində məhv olmamalıdır” şüarı altında keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR