Azərbaycan paytaxtında əmək yarmarkası keçirilir

Azərbaycan paytaxtında əmək yarmarkası keçirilir
# 20 noyabr 2008 10:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə işaxtaran və işsiz vətəndaşların münasib işlə təminatının gücləndirilməsi məqsədilə əmək yarmarkası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, iki gün davam edəcək yarmarkada Bakıda fəaliyyət göstərən 900-dən artıq idarə və müəssisə 7,5 minə yaxın vakant iş yeri təqdim edib. Həmin yerlərin 5,2 minə yaxını özəl sektora aiddir. Yarmarkada Bakıda fəaliyyət göstərən iri dövlət və özəl müəssisələr, eləcə də xarici şirkətlər iştirak edir.
Nazir müavini qeyd edib ki, yarmarkada təqdim edilən vakansiyalar üzrə minimum əmək haqqı 250-300 manat, maksimum 1400 manatdır. Yüksək əmək haqların daha çox özəl şirkətlər tərəfindən verildiyini bildirən N.Məmmədov yarmarkada gənc mütəxəssislərin işlə təmini ilə bağlı problemin yaranma səbəbinə də aydınlıq gətirib: «Müəssisələr gənc mütəxəssislərin işlə təminatına ehtiyatla yanaşır. Çünki bəzi gənc mütəxəssislər təyinat aldıqları yerlərə getməyib iş tapmaq üçün yarmarkaya gəlirlər».
N.Məmmədovun sözlərinə görə, ümumilikdə bu il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikanın şəhər və rayonlarında keçirilən 57 əmək yarmarkasında 2 434 müəssisə 21 967 vakant iş yeri təqdim edib. Bu yarmarkalarda 6 270 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub, 577 nəfər peşə hazırlığı kurslarına, 421 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Bununla yanaşı, bu il Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Lənkəran və Abşeron rayonlarında fəaliyyət göstərən ali təhsil ocaqlarının məzun və tələblərin aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunmaları məqsədi ilə də analoji tədbirlər keçirilib. Bu tədbirlərdə 311 müəssisə 1 733 vakant iş yeri təqdim edib. Tədbirlər nəticəsində 433 məzun və tələbə işlə təmin olunub, 370 nəfərə yaxın peşə hazırlığı kurslarına cəlb olunmaları məqsədi ilə qeydiyyata alınıb, 3 080 məzun və tələbə tərəfindən müəssisələrə şəxsi məlumatlar təqdim olunub, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə isə 329 məzun və tələbə Əmək Birjalarında qeydiyyata alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR