Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün meyarlar dəyişdirilir

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün meyarlar dəyişdirilir
# 21 noyabr 2008 06:56 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov APA-ya bildirib ki, son illərdə əlliliyin müəyyən edilməsi ilə məşğul olan tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində yeniliklər edilib, qəbul olunacaq yeni sənəd isə prosesi daha da sürətləndirəcək: “I, II, III qruplar üzrə əlilliyin müəyyən edilməsi üçün meyarlar 1997-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub. Biz Səhiyyə Nazirliyi ilə birgə həmin meyarları yenidən müəyyənləşdirmişik”.

Nazir müavini yeni sənədin 1997-ci ildə qəbul olunan meyarlardan fərqli olacağını söyləyib: “1997-ci ildə və ondan öncə hansısa prosedurlar tibbi baxımdan həyata keçirilmirdisə, bu gün artıq Azərbaycanda həm kardioloji, həm oftalmoloji, həm də digər xəstəliklər üzrə ciddi yoxlamalar həyata keçirilir. Bununla yanaşı, müasir texnologiyadan istifadə etməklə, müayinələr aparılır. Məsələn, əgər biz əvvəllər Azərbaycandan xarici ölkələrə müalicə üçün 100 xəstə göndərirdiksə, bu gün bu rəqəm 5 dəfə azalıb. Azərbaycanda kifayət qədər tibbi texnologiya və ləvazimat var. Ona görə də 1997-ci ildə qəbul olunan meyarlar dəyişməlidir”.

N. Məmmədov onu da deyib ki, 1997-ci ilə və yeni sənəd qəbul olunana qədər əlillik dərəcəsi alan vətəndaşlar arasında yeni meyarlara uyğun əlavə yoxlamalar aparılmayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR