Gələn həftə Azərbaycanda əhalinin siyahıya alınması başlayır

Gələn həftə Azərbaycanda əhalinin siyahıya alınması başlayır
# 10 aprel 2009 09:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev qeyd edib ki, 2006-cı ildən başlayan hazırlıq işləri artıq başa çatmaq üzrədir: «Siyahıyaalmanı təxminən 24 min nəfərdən ibarət işçi aparacaq ki, bunların hamısı müvafiq təlimlərdən keçib».
A.Vəliyev onu da bildirib ki, artıq bütün ölkə üzrə 19 min sayıcı məntəqəsi təşkil olunub və eyni zamanda siyahıyaalmanın aparılması üçün hər 5 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin olunub, hər 7 təlimatçı-nəzarətçidən ibarət bir siyahıyaalma məntəqəsi təşkil edilib. Məntəqələr ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərəcək. Məntəqələr sayıcı və təlimatçıların işini birbaşa koordinasiya edərək siyahıyaalmanı aparacaq. Hər məntəqə təxminən 17-18 min nəfərin siyahıya alınmasını təşkil edəcək. Bir siyahıyaalma məntəqəsində orta hesabla 35 sayıcı olacaq, bir sayıcı isə 450 nəfəri sorğu edəcək.
«Hazırlıq işləri çərçivəsində hər bir şəhər, rayon, qəsəbə və kəndin sərhədləri dəqiqləşdirilib ki, əhali qarışmasın. Bundan başqa, sxematik xəritələr və əhalisi 5 mindən çox olan qəsəbə və kəndlərin sxematik planı hazırlanıb», - deyə DSK sədri bildirib.
A.Vəliyevin sözlərinə görə, Azərbaycanda yaşayan xarici vətəndaşlar müvafiq səfirlik və konsulluqların köməyi ilə siyahıya alınacaq: «Bir ildən çox evdə olmayan şəxslər siyahıya alınmayacaq. Bu müddətdən az evdə olmayan insanlar barədə məlumat isə onların qonşu və tanışlarından dəqiqləşdiriləcək».
Siyahıya alınma anketinin suallarına gəldikdə isə, A.Vəliyev bildirib ki, anketdə 35 sual əksini tapacaq ki, bunların 29-u şəxsi (iş haqqında, məşğulluq və s.), 6-sı isə mənzil şəraitinə aid olacaq.
«Siyahıya alınmanın keçirilməsində əsas məqsəd cari uçot məlumatlarının dəqiqləşdirilməsidir. Bütün bu prosesə Azərbaycan hökuməti tərəfindən 8 mln. manat vəsait ayrılıb», - deyə A.Vəliyev qeyd edib.
Komitə sədrinin sözlərinə görə, 10 gün davam edəcək siyahıyaalma prosesindən sonra cari ilin may ayının ikinci yarısından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-ya təhvil veriləcək. Daha sonra məlumatlar kompüterə keçiriləcək. Nəticədə, ölkənin ayrı-ayrı bölgələri üzrə 10 ədəd, ümumi ölkə üzrə isə 1 ədəd kitabça çap olunacaq. Siyahıya alınma prosesi tamamilə 2010-cu ilin ortalarında başa çatacaq.
A.Vəliyev onu da bildirib ki, Azərbaycan əhalisinin siyahıya alınması zamanı məlumatları dəqiqləşdirmək mümkün olmadığından Dağlıq Qarabağda yaşayan ermənilərin sayı əvvəlki siyahıyaalmada olduğu kimi mexaniki olaraq 120 min nəfər qeyd olunacaq.
Qeyd edək ki, Azərbaycanda siyahıyaalma hər 10 ildən bir keçirilir. Bu ilin aprelin 1-nə isə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR