Ceyms Kallahan: “Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı artıb”

Ceyms Kallahan: “Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı artıb”
# 23 aprel 2009 11:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə regional nümayəndəsi Ceyms Kallahan Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, C. Kallahan səfər zamanı Azərbaycanın hökumət nümayəndələri ilə görüşlər keçirdiyini, bu görüşlərdə Azərbaycanın narkotiklərə qarşı mübarizə sahəsində prioritetləri, bu sahədə UNODC-nin hüquq-mühafizə orqanlarına mümkün köməyi, narkoasılılığın miqyasının azaldılması, narkomaniyanın müalicəsi və narkomanların reabilitasiyası sahəsində Azərbaycanla UNODC arasında əməkdaşlığın gücləndirilməsi, narkotikaya qarşı mübarizə sahəsində müvafiq qanunvericilik və inzibati aktların beynəlxalq konvensiyalara uyğunlaşdırılması məsələləri müzakirə edilib. Azərbaycanın narkotikaya qarşı mübarizə sahəsində qanunvericiliyini müsbət qiymətləndirən C. Kallahan bildirib ki, son 2 ildə tranzit yolla ötürülən və müsadirə olunan narkotik maddələrin həcmi artıb: “Azərbaycan Daxili İşlər Nazirliyi hesab edir ki, müsadirə olunan narkotik vasitələrin həcmi 10 faizdən çox deyil. Biz bunu artırmaq üçün əlimizdən gələni etmək istəyirik”. UNODC rəsmisi Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayının artdığını da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR