Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, yağış yağacaq

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, yağış yağacaq
# 23 aprel 2009 13:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, aprelin 23-dən 24-ə keçən gecə və səhər Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Hava əsasən yağmursuz keçəcək, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.

Aprelin 24-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 14-19, dağlarda gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.

Aprelin 25-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacaq, şimal küləyi əsəcək. Temperatur gecə 6-8, gündüz 13-16 dərəcə isti olacaq. İ. Məmmədov deyib ki, aprelin 26-da artıq hava nisbətən mülayimləşməyə başlayacaq. Həmin gün hava yağmursuz keçəcək. Temperatur gecə 6-8, gündüz 14-17 dərəcə isti olacaq. Aprelin 27-də isə temperaturun bir qədər də yüksəlməsi və günəşli havanın olması da gözlənilir.

İ. Məmmədovun sözlərinə görə, bu ilin aprel ayı anomal hesab oluna bilər. Ayın birinci ongünlüyündə temperatur iqlim normasından 3-4, ayrı-ayrı günlərdə 5-6 dərəcə yuxarı olsa da, ayın ikinci ongünlüyündə bunun əskinə olaraq, temperatur iqlim normasından 3-4, ayrı-ayrı günlərdə 5-6 dərəcə aşağı olub. Bununla belə, İ. Məmmədovun sözlərinə görə, əvvəlki illərdə bu ilkindən də soyuq keçən aprel ayları qeydə alınıb. 1954, 1987, 2004-cü illərdə aprel ayları soyuq keçib. 2004-cü il aprelin 5-də isə hətta Bakıya qar yağıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR