Azərbaycanda istehlakçı hüquqlarını ən çox pozan «Azəriqaz»dır

Azərbaycanda istehlakçı hüquqlarını ən çox pozan «Azəriqaz»dır
# 29 aprel 2009 09:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda istehlakçı hüquqlarını ən çox pozan qurumlar arasında ilk yeri «Azəriqaz» QSC tutur. Bunu «APA-Economics»ə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, təşkilata istehlakçılar tərəfindən daxil olan şikayətlərin böyük əksəriyyəti «Azəriqaz» QSC, bir hissəsi «Azərsu» SC və digər kommunal xidmət təşkilatlarındandır.
«Azəriqaz»ın istehlakçı hüquqlarını kobud şəkildə pozmasına nümunələrdən əsası bir neçə borcunu ödəməyən istehlakçıya görə bütün küçənin və ya binanın qaz təchizatını dayandırmasıdır. Dünyanın heç bir yerində istehlakçılarla bu cür davranış yoxdur. Bu qurumun vətəndaşlarla bağladığı müqavilələr birtərəflidir», - deyə AİB sədri vurğulayıb.
E.Hüseynov «Azəriqaz»ın istehlakçıları xəbərdarlıq sisteminin olmamasını da problem kimi göstərib. AİB sədri bildirib ki, ərazinin qazı orada yaşayanlara xəbərdarlıq olunmadan qəfil kəsilir və ya təzyiq aşağı salınır. Nəticədə, gözlənilməz hadisələr, partlayış və qazdan boğulma halları baş verir.
AİB sədri onu da qeyd edib ki, istehlakçılar «Azəriqaz» və «Azərsu»nun onlardan real sərfiyyatdan daha çox pul tələb etmələrindən, sayğaclara müdaxilə etmə, quraşdırılan sayğacların sürəti ilə bağlı problemlərdən şikayət ediblər.
Məsələyə «Azəriqaz» QSC-dən münasibət öyrənmək mümkün olmayıb. «APA-Economics»in gün ərzində «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Evazlıdan məsələyə münasibət öyrənmək cəhdi nəticəsiz qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR