Səbail rayonu ərazisində keçirilən iməcilik başa çatıb

Səbail rayonu ərazisində keçirilən iməcilik başa çatıb
# 07 dekabr 2009 20:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində keçirilən iməcilik başa çatıb.

İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, rayon ərazisində, qəsəbələrdə keçirilən iməciliklərdə 15 mindən çox ağac əkilib, minlərlə ağaca qulluq edilib, ərazilər məişət tullantılarından təmizlənib. Rayonda aparılan abadlıq işləri çərçivəsində Badamdar qəsəbəsində və 20-ci yaşayış sahəsində 2 yeni istirahət bağının yaradılması istiqamətində işlər artıq sona çatmaq üzrədir.

Rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin kollektivlərinin cəlb olunduğu iməcilik Bayıl yamacında da keçirilib, sürüşmə meylli ərazi olan bu yamacda 2000 yeni ağacın əkilməsi ilə yanaşı, əvvəl əkilmiş 4000-dən çox ağaca da qulluq göstərilib. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kollektivi tərəfindən də “Bibiheybət buxtası”ndakı neftdən təmizlənmiş torpaq sahələrində növbəti iməcilik keçirilib və burada 5 min yeni ağac əkilərək bu mövsümdə əkilən ağacların sayı 13 minə çatdırılıb.

Mövsüm müddətində ümumilikdə Səbail rayonunda 25 mindən çox ağac əkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR