Türkiyənin İzmir vilayətində Heydər Əliyevin adını daşıyacaq meşəsalma aksiyasına başlanacaq

Türkiyənin İzmir vilayətində Heydər Əliyevin adını daşıyacaq meşəsalma aksiyasına başlanacaq
# 08 dekabr 2009 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Dekabrın 12-də Türkiyənin İzmir vilayətinin Foça bölgəsində Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin adını daşıyacaq meşəsalma aksiyasına başlanacaq.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, meşəsalma aksiyası SOCAR/TURCAS ortaqlığının idarəetməyə götürdüyü «Petkim» neft-kimya müəssisəsi tərəfindən gerçəkləşdirilir.

Tədbirə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, İstanbuldakı baş konsulu Səyyad Salahlı, İzmir və Əliağa bölgələrinin, həmçinin «Petkim» şirkətinin rəsmiləri qatılacaq.

Meşə sahəsi 75 ha ərazini əhatə edəcək və orada 11 min ağacın əkilməsi planlaşdırılır. SOCAR/TURCAS ortaqlığının İdarə Heyətinin sədri Kənan Yavuz bildirib ki, gələcək illərdə bu ərazinin genişləndirilməsi və meşəsalmanın sosial proqrama çevrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin az sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR