Azərbaycanda təxminən 3 milyon 200 min tütün çəkən insan var

Azərbaycanda təxminən 3 milyon 200 min tütün çəkən insan var
# 14 dekabr 2009 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Azərbaycanda 15-49 yaşlı kişilərin 49%-i tütün aludəçisidir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan dünyasını dəyişir”. APA-nın məlumatına görə, bu barədə “Azərbaycanda tütün çəkməklə milli mübarizə strategiyasının hazırlanması” layihəsi çərçivəsində keçirilən Tütünlə Mübarizə üzrə Milli Konfransda bildirilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin əməkdaşı Tahir Hacıyev deyib ki, tütün ağciyər xərçəngini yaradan əsas faktordur: “XX əsrdə tütünün təsirindən 100 milyon insan dünyasını dəyişib. XXI əsrdə isə tütündən istifadə nəticəsində 1 milyard insanın öləcəyi gözlənilir. Tütün tüstüsü böyüklər arasında hər 10 nəfərdən birinin ölümünə səbəb olur. Hazırda dünya əhalisinin 29 faizi tütün çəkir, yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Hər il 200 min insan iş yerində məruz qaldığı tütün tüstüsündən dünyasını dəyişir”.

Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev isə hazırda Azərbaycanda təxminən 3 milyon 200 min tütün çəkən insan olduğunu açıqlayıb: “Azərbaycan qanunvericiliyindəki bir çox maddəyə əksər hallarda əməl olunmur. Xəstəxanaların və məktəblərin yaxınlığında tütün məmulatlarının satışı, ictimai binalarda və iş yerlərində tütün çəkmək adi hal kimi qəbul edilir”. A. Hacıyev tütün məmulatlarından istifadənin azaldılması üçün bir sıra tədbirlərə ehtiyac olduğunu vurğulayıb: “Siqaret çəkməyənlərin, xüsusilə uşaqların mühafizəsi məqsədilə daha sərt qanunlar tətbiq olunmalıdır. Səhiyyə Nazirliyinin nəzdində tütün çəkməklə mübarizə mərkəzi yaradılmalı, tütün məmulatlarına vergi qoyulması sərtləşdirilməli, tütün məmulatları ancaq xüsusi mağazalarda, təhsil, idman, tibb müəssisələrindən uzaq yerlərdə satılmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR