Qusarda torpaq sürüşməsi zonasında yaşayanlar üçün yeni evlər tikiləcək

Qusarda torpaq sürüşməsi zonasında yaşayanlar üçün yeni evlər tikiləcək
# 21 dekabr 2009 12:44 (UTC +04:00)
Qusar. Könül Abdullayeva-APA. Qusar rayonunun Urva kəndində baş verən torpaq sürüşməsi artıq 5 hektar ərazini əhatə edir. APA-nın şimal bürosunun xəbərinə görə, bu ilin mart ayından başlayan sürüşmə zonasında 15 evdə və digər tikililərdə iri çatlar əmələ gəlib.
Qusar rayon Fövqəladə Hallar Komissiyası mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilib. Son müşahidələrə görə, sürüşmə hər gün 20 sm artmaqla daha böyük ərazini əhatə etməkdədir. Mütəxəssislər sürüşmə zonasını yaşayış üçün təhlükəli hesab etdiklərini bildiriblər. Qusar rayon Fövqəladə Hallar Komissiyasının qərarı ilə uçmaq təhlükəsi ilə üzləşən 15 evdə yaşayan ailələrin yeni mənzillərlə təmin edilməsi üçün xüsusi layihə hazırlanıb. Komissiya üzvü, Urva kənd icra nümayəndəsi Suləddin İsgəndərovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, yeni binaların tikintisi üçün kənddə xüsusi yer ayrılıb. Hazırda həmin əraziyə yol, qaz və su xətlərinin çəkilməsi ilə bağlı müəyyən işlər görülür. Əsas inşaat işləri 2010-cu ilin yazında başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR