Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 13 yanvar 2010 07:22 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 14 m3/san artaraq 197 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 87,1 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,09-7,62 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR