Azərbaycanda iş üçün fərdi icazə alan əcnəbilərin sayı 5 784 nəfərə çatıb

Azərbaycanda iş üçün fərdi icazə alan əcnəbilərin sayı 5 784 nəfərə çatıb
# 23 yanvar 2010 08:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 331,8 min nəfər olub ki, onlardan 4 071,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»in məlumatına görə, 2009-cu ilin yanvar-noyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 375,4 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 862,8 min nəfər, qeyri-dövlət bölməsində 490,1 min nəfər olmaqla orta siyahı sayı isə 1 352,9 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,7%-i istehsal sahələrində çalışıb, onlardan 12%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,8%-i topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,2%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,3%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,1%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,7%-i isə digər sahələrdə cəmlənib.

Bundan başqa, 2010-cu il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələrinə fərdi icazələrin verilməsi ilə əlaqədar əcnəbilərin sayı 5 784 nəfər təşkil edib ki, onlardan da 5 441 nəfəri kişi, 343 nəfər isə qadınlardır. Əcnəbilərin 2 090 nəfəri mədənçıxarma sənayesində, 1 781 nəfəri tikintidə, 377 nəfəri emal sənayesində, 317 nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində, 241 nəfəri nəqliyyat, anbar təsərrüfatı və rabitədə, 199 nəfəri təhsil sahəsində, 139 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və 640 nəfəri digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olub.

Bununla yanaşı, 2010-cu il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 41,1 min nəfər olub, onların da 44%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 176,5 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR