Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi bu il daha 387 mənzili istifadəyə verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi bu il daha 387 mənzili istifadəyə verəcək
# 28 yanvar 2010 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən inşa edilən 387 yaşayış mənzilinin tikintisi bu il yekunlaşacaq. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

F.Ələkbərovun sözlərinə görə, ötən il ərzində Nazirlik tərəfindən əlil və şəhid ailələri üçün 707 mənzil istifadəyə verilib ki, bu da 2008-ci illə müqayisədə təxminən iki dəfə çoxdur. Ümumilikdə, indiyədək 3 mindən çox əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Eyni zamanda, 1998-2008-ci illərdə 2 114 ədəd «Oka» markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib: «Ötən il ərzində bu sahədə də irəliləyiş əldə olunub. Belə ki, 2009-cu ildə ölkəyə daha 500 «Slavuta» markalı avtomobil gətirilib».

İlkin əlilliyin artım dinamikasına toxunan F.Ələkbərov ötən il ərzində əliliyin 2008-ci illə müqayisədə 6 412 nəfər və ya 25,9% azaldığını bildirib. «Tam reabilitasiya göstəricisi 5,4%-ə yüksəlib ki, bu da son beş il ərzində ən yüksək göstəricidir. Ümumiyyətlə, hesabat ilində əlillərin sayının artım dinamikası sıfıra endirilib», - deyə F.Ələkbərov bildirib.

F.Ələkbərov onu da qeyd edib ki, əlillərin problemlərinə kompleks yanaşmanı, eyni zamanda fərdi reabilitasiya planı əsasında tibbi və sosial reabilitasiya tədbirlərini ardıcıl həyata keçirməklə onların ailə tərkibi, əlillik səbəbləri, texniki reabilitasiya vasitələrinə ehtiyacları barədə, həmçinin digər lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR