Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqin nəticələri açıqlanıb

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqin nəticələri açıqlanıb
# 29 yanvar 2010 13:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti yanvarın 18-dən ölkə ərazisində “quş qripi” xəstəliyinə görə aparılan monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1578 baş ev quşunun qan nümunələri, eləcə də 11 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib: “Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb”.

Y. Xanvəlinin sözlərinə görə, monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Y. Xanvəli deyib ki, “quş qripi” xəstəliyinin köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqətdə saxlayan DBX ölkə ərazisində ardıcıl monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqin fevralın 15-də başlaması nəzərdə tutulur: “DBX bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanılması, satılması və ondan qida məhsulu kimi istifadəsi qadağandır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR