Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nı təsdiqləyib

Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nı təsdiqləyib
# 05 aprel 2010 14:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qaydalar “Təhsil haqqında” qanuna uyğun hazırlanıb və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərti ilə Azərbaycanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradacaq.

Qaydalar ölkənin bütün ali tibb təhsili və elmi müəssisələrinə şamil edilməklə, rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirib. Rezidenturada baza ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər təhsil ala bilər. Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır.

Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.

Rezidenturada təhsilin tədris planı təhsil proqramları əsasında hazırlanır və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Rezidenturaya qəbul isə qanunvericiliklə müəyyən olunmuş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR