Azərbaycan Ombudsmanı Vyanada keçiriləcək beynəlxalq tədbirdə çıxış edəcək

Azərbaycan Ombudsmanı Vyanada keçiriləcək beynəlxalq tədbirdə çıxış edəcək
# 17 aprel 2010 14:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avstriyanın paytaxtı Vyanada keçiriləcək beynəlxalq tədbirə dəvət olunub.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 6-7-də Vyanada “Gender bərabərliyinin təşviqi və qadınların siyasi-ictimai həyatda iştirakı” mövzusunda ATƏT-in Əlavə insan ölçüsü görüşü keçiriləcək. Bu görüşün əsas məqsədi qadınların ictimai və siyasi həyatda iştirakının gücləndirilməsi üçün müzakirələrin aparılmasından ibarətdir.

Tədbirə bir sıra ölkələrin ombudsmanları, insan hüquqları, o cümlədən qadın hüquqları və gender bərabərliyi sahəsində nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri qatılacaqlar. E.Süleymanovanın beynəlxalq tədbirdə çıxışı gözlənilir. Ombudsman çıxışında Azərbaycanda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə önəm verildiyi, bu sahədə qanunvericiliyin və institutlaşmanın təkmilləşdirildiyi nəzərə çatdırılacaq.

Tədbir iştirakçılarına Ombudsmanın illik məruzələri və bəyanatları, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və terror aktlarını, habelə Xocalı soyqırımını əks etdirən CD-lər təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR