Böyük Vətən müharibəsi iştirakçıları üçün ayrılmış birdəfəlik maddi yardımların paylanması bu həftə yekunlaşacaq

Böyük Vətən müharibəsi iştirakçıları üçün ayrılmış birdəfəlik maddi yardımların paylanması bu həftə yekunlaşacaq
# 28 aprel 2010 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu həftənin sonuna qədər Böyük Vətən müharibəsi iştirakçıları və onların ailələri üçün ayrılmış birdəfəlik maddi yardımların paylanması tam yekunlaşacaq.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, bu həftənin bazar ertəsi Maliyyə Nazirliyi tərəfindən DSMF-nin xüsusi hesabına 8 mln. manat vəsait köçürülüb. Həmçinin dünən Fond tərəfindən 50-dən çox rayonun müvafiq hesabına bu vəsaitlərin köçürülməsi təmin olunub. Artıq rayonlarda həmin vəsaitlərin paylanılmasına başlanıb.

S.Müslümov bildirib ki, ilkin məlumatlara əsasən, Azərbaycanda 4 250 nəfər müharibə iştirakçısının, 29 min nəfər isə digər kateqoriyalardan şəxslərin olduğu müəyyənləşib.

Qeyd edək ki, bu ilin aprel ayının 22-də ölkə ölkə prezidenti İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR