Beyləqanda etiraz aksiyası keçirilib

Beyləqanda etiraz aksiyası keçirilib
# 03 may 2010 12:13 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu - APA. Beyləqanda ünvanlı sosial yardımı ala bilməyən sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi Beyləqan Rayon Şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər. Şikayətçilər APA-nın Qarabağ bürosuna bildiriblər ki, onlar 8 aya yaxındır, ünvanlı sosial yardımlarını ala bilməyiblər. Problem bu gün də həll edilməmiş qalır.

Aksiyanın qarşısını almaq üçün hadisə yerinə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Ünvanlı sosial yardımı ala bilməyən vətəndaşların ƏƏSM-nin qarşısında toplaşıb narazılıqlarını ifadə etməsini Beyləqan RİH başçısının birinci müavini Məhəmməd Qələndərov da təsdiqləyib. Rayon rəsmisinin sözlərinə görə, vətəndaşlarla ƏƏSM arasında anlaşılmazlıq yaranıb. Belə ki, şikayətçi sakinlərə sosial yardımın növbəlilik şəklində veriləcəyi izah edilsə də, tərəflər bir-birilərini başa düşməyiblər: «Biz gəldik sosial müdafiə mərkəzinə, camaatı yığıb hər şeyi ətraflı başa saldıq. Ondan sonra hamı bildi ki, onlar sosial yardımlarını ancaq növbəlilik prinsipləri ilə alacaqlar».

Qeyd edək ki, beyləqanlı az təminatlı ailələrin aldığı ünvanlı sosial yardımın aylıq ümumi həcmi 250 min manatdan çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR