Ali məktəblərə 43809 abituriyent sənəd verib

Ali məktəblərə 43809 abituriyent sənəd verib
# 07 may 2010 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 7-si saat 10.00-a olan məlumata əsasən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə 43809 abituriyent sənəd verib. Bu, ümumi abituriyentlərin təxminən 35-40 faizini təşkil edir. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İmtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov və Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov keçirdikləri mətbuat konfransında bildiriblər.

A. Bağırov deyib ki, sənəd verən abituriyentlərin 35247 nəfəri Azərbaycan, 8562 nəfəri rus bölməsi üzrə sənəd verib, 2985 abituriyent elektron ərizəsini təsdiq etdirib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçdikləri ixtisasa müvafiq qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanı komissiyaları Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Bakıda 6, regionlar üzrə isə 5 belə komissiya təşkil olunub. Bu günə olan məlumata görə, 500 nəfər abituriyent seçmə turlarda iştirak edərək qeydiyyatdan keçib.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 23-də Bakıda və digər bölgə mərkəzlərində, iyunun 20-də isə yalnız Bakıda keçiriləcək. Mayın 23-də keçiriləcək imtahanda iştirak etmək istəyən abituriyentlər mayın 14-dən gec olmayaraq ərizələrini müvafiq sənəd qəbulu komissiyalarında təsdiq etdirməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR