Gürcüstanın Ozurqeti şəhərində yeni qazpaylayıcı şəbəkə istifadəyə verilib

Gürcüstanın Ozurqeti şəhərində yeni qazpaylayıcı şəbəkə istifadəyə verilib
# 19 may 2010 00:33 (UTC +04:00)
Ozurqeti. Nizami Məmmədzadə-APA. Mayın 18-də Gürcüstanın Quriya bölgəsində yerləşən Ozurqeti şəhərinin 14 küçəsini qaz ilə təmin edən qaz şəbəkəsinin istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın energetika naziri Aleksandr Hetaquri və şirkətinin direktoru Anar Məmmədov və digər rəsmi şəxslər iştirak edib. Ozurqeti şəhərində ilk qaz Leselidze 34 küçəsində yaşayan Maka Meqrelidzenin evinə çəkilib. Maka Meqrelidze APA-ya məlumatında bildirib ki, sovet dönəmində bu şəhərdə heç vaxt qaz olmayıb. “ Dünən qazın çəkilməsi başa çatdırılıb, bu gün isə istifadəyə verildi. Mən bu qayğıya görə, Azərbaycan dövlətinə və onun prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Qaz bizim üçün rahat yaşamaq deməkdir. Buna görə də “Sokar Qeorqia Qas”-ın rəhbərliyinə minnətdarıq.”
2009-cu ilin yekunlarına görə, Quriya bölgəsində potensial abonentlərin sayı 2125 nəfər təşkil edir.
“Sokar Qeorqia Qas”-ın direktoru Anar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Quriya regionu Gürcüstanın ən ucqar regionlarından biridir. “Amma buna baxmayaraq “Sokar Qeorqia QAS” şirkəti bu rayonlarda geniş qazlaşdırma işləri aparır. Bu gün biz 15 km uzunluğunda yeni tikilmiş qaz kəmərinin istifadəyə verilməsində iştirak edirik. Bu kəmər 700 ailəni qazla təmin edəcək. Bu, Ozurqeti şəhəri üçün böyük bir rəqəmdir. Onu da qeyd edim ki, biz Gürcüstanda “Sakartvelo” bankı ilə birlikdə ilk dəfə yeni mikro layihələşdirmə proqramının icrasına başlamışıq.
Оnun sözlərinə görə bu proqrama çərçivəsində işlər artıq bütün Gürcüstanda gedir. İlk öncə, Quriyada, bu həftənin axırında isə Acariyada həyata keçirməyə başlayacağıq. Bildirim ki, soydaşlarımız yaşayan bölgələrdə də fəal işlər aparılır. Borçalıda, Kaxetiyada və digər bölgələrdə bu işlər daha da intensivləşib. Bu il biz Marneulinin sərhədyanı kəndi olan Sadaxlını, Yuxarı Saral və Aşağı Saral kəndlərini qazlaşdıracağıq. Bu, bizim üçün ən önəmli layihədir. Alget və Təzəkənd yaşayış məntəqələrində artıq işlər başlanıb və təxminən bir aya bitirəcək. Eyni zamanda Dmanisi rayonundakı Qomareti kəndində qazlaşdırma aparacağıq. Onu da bildirim ki, 2009-cu ildə biz 550 km yeni qaz borusu kəməri tikmişik, bu da imkan yaradır ki, 57 mindən çox abonent qaz paylama şəbəkəsinə qoşulsun. Gürcüstanla üçillik müqaviləmizə görə, üç il ərzində abonentlərin sayı 150 000 olmalıdır. Bu il isə 46 min abonenti qazla təmin etmək nəzərdə tutulub, Anar Məmmədov dedi.

Qeyd edək ki, Gürcüstanın Energetika Nazirliyi ilə “Sokar Qeorqia QAS” şirkəti arasında imzalanmış üçillik investisiya proqramı çərçivəsində Gürcüstanın regionlarındakı müxtəlif yaşayış məntəqələrində yeni qaz kəmərlərinin tikintisi və reabilitasiya işləri həyata keçirilir. İndiyədək belə layihələrin əsasında Saqareco rayonunun Yor-Muğanlı kəndində, Gürcaani rayonunun Çumlaki, Saqareconun Niniqori, Msxetanın Tserovani, Zestafoninin Tsratskaro, Sxaltubonun Ternali, Dmanisinin Dunus, Laqodexinin Qabal kəndlərində və Duşeti, Zuqdidi, Xaşuri, Axmeta, Kareli, Lançxuti rayonlarında və digər regionlarda qazpaylayıcı şəbəkələr istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR