BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru: “Adambaşına düşən ağacların sayına görə Azərbaycan irəlidə gedən ölkələrdəndir”

BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru: “Adambaşına düşən ağacların sayına görə Azərbaycan irəlidə gedən ölkələrdəndir”
# 03 iyun 2010 10:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Avropa Bürosunun direktoru Kristof Buvye Azərbaycanda bir günlük səfərdədir. APA-nın məlumatına görə, K. Buvye bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev adına Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilən kütləvi ağacəkmə kampaniyasında iştirak edib.
Ağac əkdikdən sonra jurnalistlərə açıqlama verən Kristof Buvye bildirib ki, Azərbaycana bir günlük qonaq gəlməsinə baxmayaraq, bu ölkənin qonaqpərvərliyi ona çox böyük təsir bağışlayıb. Təşkilat rəsmisinin sözlərinə görə, 2010-cu ildə Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Azərbaycanın Bakı şəhərləri mərkəz şəhərlər elan edilib. Bakının bu şəhərlər sırasına salınmasının əsas səbəblərindən biri Azərbaycan prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsidir.
K. Buvye bildirib ki, hər il dünyanın meşə zolağında 12 milyon hektar torpaq məhv edilir. Bu baxımdan Azərbaycan hökumətinin bu tədbiri vacib aksiyadır: “Azərbaycan bu günə qədər 10 milyon ağac əkib. Bu, dünyanın gələcəkdə 7 milyard ağac əkməsinə töhfə verir. Adambaşına düşən ağacların sayına görə Azərbaycan irəlidədir. Bu, biomüxtəlifliyin bərpası, sülhün bərqərar olması üçün də vacibdir”.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə bildirib ki, bu gün aksiyanın keçirildiyi ərazidə artıq 2 ildir ki, burada yaşıllaşdırma işləri aparılır. Nazirin sözlərinə görə, “Ekologiya ili” çərçivəsində 8 milyona qədər ağac əkilib. İndiyədək əkilən ağacların 85-90 faizi bitib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR