Azərbaycanın şimal rayonlarında havanın hərarəti kəskin artıb

Azərbaycanın şimal rayonlarında havanın hərarəti kəskin artıb
# 04 iyun 2010 12:24 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. İyun ayının ilk günündən başlayaraq şimal regionunda, xüsusilə də mülayim iqlimi ilə seçilən Xaçmaz, Quba və Qusar rayonlarında havanın hərarəti əvvəlki günlərlə müqayisədə kəskin artıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, havanın hərarəti birdən-birə 11 dərəcə yüksəlib. Bölgədə 36-38 dərəcəyədək isti müşahidə olunur.

İsti hava Böyük Qafqaz dağlarındakı buzlaqların əriməsini intensivləşdirib. Mütəxəssislərin hesablamasına əsasən Tufandağ, Şahdağ və Bazardüzü buzlaqları son bir əsr ərzində intensiv şəkildə əriməkdədir. Qlobal istiləşmə ilə əlaqədar intensivləşən ərimə nəticəsində bölgədəki 10 kvadratkilometr buzlaq sahəsində 6,5 kvadratkilometr buz qatı qalıb. Əriyən buz dağ çaylarında suyun həcmini çoxaldıb. Belə ki, son günlər bölgədən axan dağ çaylarında suyun həcmi əvvəlki günlərlə müqayisədə 11-14 sm artıb. Mütəxəssislər Quba-Qusar zonasındakı torpaq sürüşmələrinin bir səbəbini də məhz dağ çaylarında suyun kəskin artması, çayın məcrasını tez-tez dəyişdirməsi və sel gətirməsi ilə əlaqələndirirlər. Mütəxəssislər ilk növbədə ekoloji tarazlığın bərpa edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini vacib sayırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR