Bakıda «Özəl sektor tərəfdaşlarının Azərbaycanda reproduktiv sağlamlığın yaxşılaşdırılmasında uğurlu fəaliyyəti» mövzusunda tədbir keçirilib

Bakıda «Özəl sektor tərəfdaşlarının Azərbaycanda reproduktiv sağlamlığın yaxşılaşdırılmasında uğurlu fəaliyyəti» mövzusunda tədbir keçirilib
# 08 iyun 2010 09:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda «Özəl sektor tərəfdaşlarının Azərbaycanda reproduktiv sağlamlığın yaxşılaşdırılmasında uğurlu fəaliyyəti» mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən təşkil edilib. Qurumun ölkə üzrə koordinatoru Karen Veltiç bildirib ki, əhalinin keyfiyyətli kontraseptivlərlə təmin edilməsində əczaçı şirkətlər və apteklər vacib rol oynayır. O, bildirib ki, hər bir kəsin ailədə uşaqların sayı, doğuşlararası fasilələrin gözlənilməsi, hamiləlik vaxtının seçilməsi ilə bağlı sərbəst və düşünülmüş qərar vermək hüququ var. «Lakin bu məqsədə nail olmaq üçün insanların düzgün məlumatlara, keyfiyyətli ailə planlaşdırılması xidmətlərinə ehtiyacı var». Karen Veltiç bildirib ki, bu layihənin həyata keçirilməsi zamanı Azərbaycanın 7 rayonunda 100-ə qədər əczaxana ilə tərəfdaşlıq şəbəkəsi yaradılıb. O, əczaxanaların müasir kontraseptivlər haqqında yeni məlumatlar üzrə təlimatlandırıldığını, ailə planlaşdırılması üzrə maarifləndirici və həvəsləndirici materiallarla təchiz edildiyini vurğulayıb. Həmçinin, layihə çərçivəsində 4 televiziya çarxının hazırlandığını, Bakı metropoliteninin stansiyalarında 4 ay müddətində plakat kampaniyası keçirildiyini, 700 minə qədər maarifləndirici broşuralar paylandığını qeyd edib.

Reproduktiv sağlamlıq üzrə milli koordinator Fizzə Əliyeva çıxışında bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd arzuedilməz hamiləlikdən və həmçinin müxtəlif xəstəliklərdən qorunmaq üçün əhali qruplarının maarifləndirilməsidir: “Dünyada hər il 74 min nəfərə yaxın qadın arzuedilməz hamiləlik nəticəsində dünyasını dəyişir. Biz birgə çalışaraq ailələrə sağlam hamiləliklərin planlaşdırılmasında kömək edə və uşaq sağlamlığını yaxşılaşdıra bilərik. Bu isə ümumilikdə əhalinin sağlamlığına müsbət təsir göstərər”.

Tədbirdə qeyd olunan sahə üzrə mütəxəssislər çıxış edib, həmçinin kampaniyada fəal iştirak edən apteklər, əczaxanalar mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR