Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 736 ticarət obyektində monitorinq keçirib

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 736 ticarət obyektində monitorinq keçirib
# 12 iyun 2010 14:00 (UTC +04:00)
Bakı – APA. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətin, keyfiyyətsiz malların satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2010-cu ilin yanvar-may aylarında dövlət xidməti tərəfindən saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırlmamış və normativ sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq və qeyri-ərzaq mallarının satışının qarşısının alınması məqsədilə 736 ticarət obyektində monitorinq keçirilib və bu obyektlərdən 638-də qanun pozuntusu aşkarlanıb.

Monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən 693,9 ton müxtəlif ərzaq məhsulu, o cümlədən ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. satışdan çıxarılıb. Bu məhsulların 131,9 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 301,6 tonu normativ-texniki sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb və 230,1 tonu ilə bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, bu ilin ilk beş ayında yuxarıda qeyd edilən səbəblərdən 239,9 ton qeyri-ərzaq malları, o cümlədən yuyucular, təmizləyicilər, kosmetik vasitələr və s. satışdan çıxarılıb. Bu malların 12,7 tonu məhv edilib, 212,7 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 14,5 tonu isə araşdırmalar üçün məsul saxlamaya verilib.

Bu dövrdə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 20 təsərrüfat subyekti barəsində iş qaldırılıb, bunlardan 17-nə yol verdikləri qanun pozuntularına görə 866,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 613 qərar qəbul edilib və bu qərarlar əsasında inzibati xətaya yol vermiş şəxslərə 925,9 min manat məbləğində cərimə tətbiq olunub.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin laboratoriyalarında 2010-cu ilin yanvar-may ayları ərzində ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üzrə aparılmış 460 müayinə zamanı 104 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

2010-cu ilin yanvar-may aylarında Azərbaycandan ixrac olunan mallara 3946 (o cümlədən Ümumi Üstünlüklər Sisteminə (GSP) daxil olan ölkələrə ixrac olunan mallara 306) mənşə sertifikatı verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR