Gürcüstanda orta məktəb müəllimlərinin ixtisarı gözlənilir

Gürcüstanda orta məktəb müəllimlərinin ixtisarı gözlənilir
# 30 iyun 2010 14:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin deputatı, “Bizim Gürcüstan-azad demokratlar” partiyasının üzvü Georgi Tsaqareişvili brifinq keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, G. Tsaqareişvili üzvü olduğu partiyanın Gürcüstanda orta məktəb müəllimlərinin kütləvi şəkildə işdən azad edilməsinin əleyhinə çıxdığını deyib. Onun sözlərinə görə, seçkilərdən sonra orta məktəblərdə müəllimlərin ixtisarına başlanması gözlənilir: “Mən bunun əleyhinəyəm və Təhsil Nazirliyindən bizi narahat edən suallara izah tələb edirik”.

Brifinqdə “Bizim Gürcüstan-azad demokratlar” partiyasının digər bir üzvü Nino Qoquadze isə jurnalistlərə bildirib ki, artıq məktəblərdə ixtisara düşən müəllimlərdən partiyanın ünvanına ərizələr daxil olub.

Deputat Çondi Baqaturiya isə bildirib ki, kütləvi ixtisarlar məktəblərdə 18 saatdan az dərs saatı olan müəllimlərə şamil edilir. Ç. Baqaturiya ixtisarları özbaşınalıq adlandırıb, təhsil sahəsinə aid olan dəyişikliklərin parlamentlə razılaşdırılmasını tələb edib. Deputatın sözlərinə görə, hər hansı cinayət törətməyən müəllim pensiya alana qədər işləməlidir. O, müəllimlərin əmək haqlarının 500 lariyə qaldırılmasını da tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR