Daxili Qoşunlar Səbail rayon İcra Hakimiyyəti ilə birgə “Şahinlər” yay istirahət düşərgəsi təşkil edəcək

Daxili Qoşunlar Səbail rayon İcra Hakimiyyəti ilə birgə “Şahinlər” yay istirahət düşərgəsi təşkil edəcək
# 12 avqust 2010 07:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunları Səbail rayon İcra Hakimiyyəti ilə bir yerdə növbəti «Şahinlər» yay istirahət düşərgəsini təşkil edəcək. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova məlumat verib. T. Məmmədovanın sözlərinə görə, Quba rayonunda təşkil olunacaq hərbiləşdirilmiş yay düşərgəsində imkansız ailələrdən, şəhid ailələrindən və uşaq evlərindən 150-dən artıq məktəblinin iştirakı gözlənilir. Avqustun 16-da start veriləcək və iki həftə davam edəcək «Şahinlər» yay istirahət düşərgəsinin artıq təlim proqramı təsdiqlənib. Hazırlanmış xüsusi proqram çərçivəsində məktəblilərdə hərbi peşəyə marağın artırılması üçün onlara sıra hazırlığı və digər hərbi vərdişlər öyrədiləcək, onlar hərbi geyimlə təmin olunacaq, Daxili Qoşunların hərbi hissəsinə baş çəkəcək, eyni zamanda hərbçilərlə ünsiyyətdə olacaqlar. Bu dəfəki təlim proqramına vaxtı ilə Daxili Qoşunlarda xidmət etmiş, iyul ayında cəbhə xəttində qəhrəmanlıq göstərərək şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovla bağlı mövzu da daxil edilib.

Qeyd edək ki, «Şahinlər» yay istirahət düşərgəsi 5 ildir təşkil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR