Azərbaycanda Sosial Yeniliklər Düşərgəsi təşkil olunacaq

Azərbaycanda Sosial Yeniliklər Düşərgəsi təşkil olunacaq
# 25 avqust 2010 14:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu il sentyabrın 18-19-da Sosial Yeniliklər Düşərgəsi (SYD) keçiriləcək.
«APA-Economics»in məlumatına görə, SYD ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədilə təşkil edilir.
Düşərgə çərçivəsində iştirakçılar tanış olmaq imkanı əldə edirlər, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçir və qrup şəklində işləməyə başlayırlar.
Düşərgənin ikinci günündə ideyaları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçirilir.
Tədbirdə hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları olan, amma bunun üçün şəxsi imkanları olmayan ideya sahibləri və mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar, o cümlədən proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və s. iştirak edə bilərlər. Bunun üçün bu sahələrlə əlaqəli olan mütəxəssislər iştirakçı kimi qeydiyyatdan keçmək üçün düşərgənin www.syd-az.net ünvanında yerləşən müvafiq formanı doldurub göndərməlidirlər.
SYD-nin məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəklənməsi və seçilmiş layihəyə pul mükafatının verilməsidir.
Xatırladaq ki, SYD mərkəzi Praqada yerləşən “Transitions” təşkilatın; və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Analoji düşərgələr Bratislava və Tiflisdə keçirilib. Bu tədbirlərin nəticələri əsasında təşkilatçılar bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarına gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR