Macarıstanda “Cavad Xan” filminin təqdimatı keçirilib

Macarıstanda “Cavad Xan” filminin təqdimatı keçirilib
# 06 oktyabr 2010 12:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, “ULUS Film” prodüser mərkəzinin birgə təşkilatçılığı ilə Budapeştin “Örökmozgo” kinoteatrında “Bizim Film” prodüser mərkəzinin lentə aldığı “Cavad Xan” filminin təqdimat xarakterli nümayişi təşkil olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayişlə əlaqədar filmin ssenari müəllifi, millət vəkili Sabir Rüstəmxanlı, filmdə baş rolun ifaçısı xalq artisti Nurəddin Mehdixanlı, filmin yayım hüquqlarının sahibi olan “ULUS Film” prodüser mərkəzinin direktoru Gəray Əlibəyov Macarıstandadırlar.
Nümayişdən öncə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, məhz “Cavad xan” filminin göstərilməsi həm Azərbaycan kino mədəniyyətinin Macarıstanda təbliği, həm də Azərbaycan tarixinin müəyyən dövrü ilə bağlı həqiqətlərin macar tamaşaçılarına çatdırılması baxımından olduqca mühümdür.
Filmin ssenari müəllifi S. Rüstəmxanlı çıxış edərək Avropanın mərkəzində yerləşən bir ölkənin tamaşaçılarını tarixi filmlə təəccübləndirməyin çətin olduğunu bildirib.
O Azərbaycanın tarixi ilə bağlı həqiqətlərin öyrənilməsi baxımından filmin maraqla qarşılanacağına inandığını qeyd edib.
Daha sonra çıxış edən N Mehdixanlı “Cavad Xan” filmini macar tamaşaçısına təqdim etməkdən məmnun olduğunu bildirib və filmin macarların marağına səbəb olacağından əminliyini ifadə edib.
Macarlar filmə böyük maraq göstərib, hətta filmin nümayiş olunduğu baxış zalında yerlər arzu edənlərin hamısına çatmayıb.

Nümayişdən sonra Azərbaycanın Macarıstandakı səfirliyində tədbirlə bağlı qəbul keçirilmişdir. Qəbulda filmin yaradıcı heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, diplomatik korpusun üzvləri, macar ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR