Səhiyyə Nazirliyinin baş psixiatrı: “Azərbaycanda hər il 80 mindən çox adamın psixi yardıma ehtiyacı olur”

Səhiyyə Nazirliyinin baş psixiatrı: “Azərbaycanda hər il 80 mindən çox adamın psixi yardıma ehtiyacı olur”
# 08 oktyabr 2010 09:54 (UTC +04:00)
Bakı. Fərid Əkbərov – APA. “Ümumdünya Psixi Sağlamlıq Günü: psixi sağlamlıq və xroniki qeyri-infeksion xəstəliklər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqramın mütəxəssisi Sevil Əsədova və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Baş Psixiatr Gəray Gəraybəyli hər il 10 oktyabrın bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunduğunu söyləyib: “Bu il biz əqli xəstəliklərlə şəkər xəstəliyi, xərçəng, ürək xəstəlikləri, tənəffüs yolları xəstəlikləri və köklük kimi xroniki fiziki xəstəliklər arasında sıx və ikitərəfli əlaqənin olduğunu xüsusilə vurğulayırıq. Azərbaycanda hər il 80 mindən çox adamın psixi sağlamlıq üzrə yardıma ehtiyacı olur. Cəmiyyətin və səhiyyə sektorunun üzərinə əhəmiyyətli dərəcədə ağırlıq qoyan qeyri-yoluxucu xəstəliklər Azərbaycanda ölüm və xəstəliklərin başlıca səbəblərindən biridir. 2007-ci ildə ümumilikdə 53655 ölüm halı baş verib ki, bunun 53 faizi kişilər arasında olub. Ölümlərin ən başlıca beş səbəbi ürək-damar sistemi, xərçəng, tənəffüs yolları sistemi, həzm sistemi xəstəlikləri və xarici səbəb kimi yaralanma və zəhərlənmə halları olub. Bu beş səbəb 2007-ci ildə ümumi ölüm hallarının 87,5 faizini təşkil edib”.

G. Gəraybəyli Səhiyyə Nazirliyinin dünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə psixi sağlamlıq üzrə yeni strategiya və strategiyanın prioritet sahəsindən biri olan psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə xidmətinə inteqrasiyası layihəsini hazırladığını açıqlayıb. O, psixi sağlamlıq sahəsində milli strategiya haqqında ətraflı məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR