Azərbaycanda alimentdən yayınanların sayı artır

Azərbaycanda alimentdən yayınanların sayı artır
# 12 oktyabr 2010 14:37 (UTC +04:00)
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin yerli qurumları tərəfindən icra olunan məhkəmə qərarlarının 32,3%-ni aliment tələbləri ilə bağlı icra sənədləri təşkil edir.

Baş İdarənin rəisi Xanlar Zeynalov «APA-Economics»ə açıqlamasında bildirib ki, 2008-ci ildə aliment tələbi ilə bağlı 21 708, 2009-cu ildə 25 563, 2010-cu ilin ilk yarısında isə 25 057 icra sənədi icraatda olub. İdarə rəisinin sözlərinə görə, belə qətnamələrin icrası məhkəmənin çıxardığı qərardan asılıdır: «Müxtəlif hallardan asılı olaraq məhkəmələr uşağın saxlanılması üçün birdəfəlik müavinət, əmək haqqının bir hissəsini, ya da şəxsin işləmədiyi təqdirdə müəyən məbləğin qarşı tərəfə ödənilməsinə qərar verə bilər».

X.Zeynalov bildirib ki, ən çox problem işləməyənlərdən alimentin tutulmasında yaranır: «Bəzən elə hallar olur ki, vətəndaş heç yerdə işləmir, onun digər gəlirləri də yoxdur».

Bununla yanaşı, alimentdən boyun qaçıranlara qarşı sanksiyalar da sərtləşdirilib. Qəsdən aliment vermədiyinə görə, 2009-cu ildə 85 nəfər, 2010-cu ilin ilk yarısında isə 74 nəfər haqqında cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR