Bakıda vətəndaşlığı olmayan şəxslərin problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakıda vətəndaşlığı olmayan şəxslərin problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 15 oktyabr 2010 10:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı və Avropa Şurası Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində vətəndaşlığı olmayan şəxslərin sayının artmasının qarşısını almaq və onların sayını azaltmaq, eləcədə bu cür şəxslərin müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Arun Sala Nqarm bildirib ki, dəyirmi masanı keçirməkdə məqsəd qurulmuş dialoqun və Azərbaycan Respublikasının vətəndaşlıq haqqında qanununun icrasının müzakirəsini davam etdirmək, həmçinin ölkədə olan vətəndaşsızlığın səbəblərini və bunun qarşısının alınması və səviyyəsini azaltmağa yönəlmiş tədbirlər barədə fikir mübadiləsi aparmaqdır. Onun sözlərinə görə, gələn ilin dekabrında Cenevrədə miqrasiya nazirlərinin görüşü keçiriləcək, vətəndaşlığı olmayan işlərlə bağlı mövcud olan boşluqlar və problemlər müzakirə ediləcək.

Avropa Şurasının baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib ki, dünyada vətəndaşlığı olmayan insanların sayı artır. 1997-ci ildə Avropa Şurası tərəfindən vətəndaşlığı olmayan insanların hüquqlarına dair konvensiyanın qəbul olunduğu deyən Kotek Azərbaycanın bu konvensiyaya qoşulmadığını, yaxın vaxtlarda qoşulacağına ümidvar olduğunu vurğulayıb. Vətəndaşsızlıq statusu almaq prosedurasının şəffaflığının zəruriliyini önə çəkən Kotek bildirib ki, Azərbaycan AŞ Konvensiyasına qoşulmasa da, bu prosedura həmin prinsiplərə əsaslandırılmalıdır. O qeyd edib ki, bu gün keçirilər tədbirin sonunda Azərbaycan hökumətinə tövsiyələr qəbul ediləcək.

Prezident Administrasiyasının vətəndaşlıq və miqrasiya sektorunun müdiri Ramil Osmanov bildirib ki, Azərbaycanda bu sahədə kifayət qədər işlər görülüb, dövlət miqrasiya sahəsində dəqiq siyasətini formalaşdırıb, qanunvericilik bazası təkmilləşdirilib: “Azərbaycan dövləti bütün mütərəqqi normaları öz praktikasında tətbiq etməyə maraq göstərir”.

Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Vahid Qəhrəmanov qeyd edib ki, təmsil etdiyi qurum 2006-2010-cu illər üçün qarşısına qoyduğu bütün vəzifələri həyata keçirib.

BMT QAK-ın Cenevrədə yerləşən baş qərargahının nümayəndəsi xanım Yorun Brandvol tədbirdə “Vətəndaşlığı olmayan şəxslərin müdafiəsində BMT QAK-ın rolu” mövzusunda çıxış edib. O bildirib ki, dünyada 12 milyon vətəndaşlığı olmayan insan var, rəsmi məlumatlara görə isə bu rəqəm 6,6 milyondur: “Vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti Asiyada, ən çox da Tailandda, Nepaldadır. Hindistan və Pakistanda belə insanların sayı barədə bizdə dəqiq məlumat yoxdur, amma güman edirik ki, bu ölkələrdə də belə insanların sayı çoxdur”. Xanım Brandvol bildirib ki, Avropada vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti keçmiş SSRİ vətəndaşlarıdır. O keçmiş SSRİ ölkələrində belə insanlarla bağlı aparılan iş barədə məlumat verib. Onun sözlərinə görə, Gürcüstanda iki qeyri-hökumət təşkilatı mili azlıqların vəziyyəti ilə məşğul olub. Araşdırmalar zamanı 9 min etnik azərbaycanlının vətəndaşlığı olmadığı müəyyənləşdirilib, onlardan 2333 nəfərinə müvafiq sənəd almaqda köməklik göstərilib.
Azərbaycanda vətəndaşlığı olmayan şəxslərlə iş sahəsində müsbət təcrübə olduğunu deyən Brandvol bildirib ki, 1998-ci ildə Azərbaycan Ermənistan və Özbəkistandan gələn şəxslərə Azərbaycan avtomatik olaraq vətəndaşlıq verib.

Azərbaycanın 1954 və 1961-ci ildə qəbul olunan beynəlxalq konvensiyalara qoşulduğu söyləyən xanım Brandvol bildirib ki, Azərbaycanda 2700 vətəndaşlığı olmayan şəxs var. Lakin onun dediyi rəqəm Azərbaycanın aidiyyəti üzrə qurum təmsilçiləri tərəfindən təsdiqlənməyib. Daxili İşlər Nazirliyinin təmsilçisi bildirib ki, 2007-ci ilə kimi bu rəqəm 1954 nəfər təşkil edib, sonra nazirlik bu qeydiyyatı aparmayıb. Miqrasiya Xidmətinin nümayəndəsi isə təmsil etdiyi qurumun belə status vermədiyini bildirib və deyib ki, əgər Daxili İşlər Nazirliyi 1954 vəsiqə veribsə, bu rəqəm keçən müddət ərzində arta bilməzdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR