Oğuzda qızıl öküz başının tapıldığı kurqanın üzərində muzey tikilir

Oğuzda qızıl öküz başının tapıldığı kurqanın üzərində muzey tikilir
# 20 oktyabr 2010 13:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Oğuzda aparılan arxeoloji qazıntılar zamanı qızıl öküz başının tapıldığı kurqanın üzərində muzey tikilir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasının rəhbəri Nəsib Muxtarov APA-ya bildirib ki, dünyada olan 4-5 qızıl öküz başından biri 2008-ci ildə Oğuz kurqanlarında aşkarlanıb.

Bu öküz başının aşkarlanmasını misilsiz bir tapıntı sayan ekspedisiya rəisi Oğuzda arxeoloji qazıntıların davam etdiyini deyib. Onun sözlərinə görə, qızıl baş təxminən orta Tunc dövrünün sonlarına – e.ə. XVI-XIV əsrin əvvəllərinə aiddir və hakimiyyət, qüdrətli bir dövlətin rəmzidir: “Ola bilsin ki, biz bu dövlətin adını bilmirik. Müxtəlif mənbələr əsasında bu dövlətin adını da təyin etməliyik”.

N. Muxtarov qeyd edib ki, öküz başını ya Azərbaycan dövlətinin qızıl muzeyinə, ya da Azərbaycan Tarixi Muzeyinin Qızıl Fonduna verməyi planlaşdırır: “Ancaq bundan əvvəl biz həmin qəbri bərpa edəcəyik. Bunun üçün də əvvəlcə başın surətini hazırlamaq istəyirik. Hazırda öküz başının tapıldığı kurqanın üzərində muzey tikilir. Artıq tikinti işlərinin 60 faizi yerinə yetirilib. Onun üzəri isə günbəzlə örtüləcək. Güman edirəm ki, bütün bu işlər 2011-ci ildə başa çatdırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR