Tələbələrə ARDNŞ-ın təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilib

Tələbələrə ARDNŞ-ın təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilib
# 22 oktyabr 2010 16:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) ölkənin ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-ın təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda müsabiqənin I turunun nəticələri müzakirə edilib. Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqqətov bildirib ki, ARDNŞ təqaüdünü almaq üçün 14 ali məktəbdən 940 nəfər tələbə müraciət edib, müsabiqənin şərtlərinə cavab verən 778 namizəd seçilərək I tura buraxılıb. Müsabiqənin I turunda iştirak etmiş 696 tələbənin 526 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının təmsilçiləri olub. Müsabiqənin I turu çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilmiş test imtahanından sonra, ARDNŞ-ın Müsabiqə Komissiyasının ixtisas qrupları üzrə təyin etdiyi keçid ballarına əsasən 213 tələbə II tura buraxılıb. Bu dəfə ARDNŞ təqaüdünü qazanmaq üçün müraciət edən və II tura keçən tələbələr qazma, boru kəmərləri, ekologiya, energetika, avtomatika və informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, geoloji kəşfiyyat, kimya-texnologiya, neft-mexanika və tikinti ixtisasları üzrə təhsil alan gənclərdir.

Müsabiqə komissiyasının rəhbəri, ARDNŞ-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək, Təqaüd Proqramının iştirakçısı olan namizədlərin düzgün seçilməsinin əhəmiyyətindən danışıb, hazırda neft-qaz və neft-kimya sənayesi müəssisələrində daha çox ehtiyac duyulan ixtisaslar üzrə təhsil alan tələbələrin cəlb edilməsi zərurətini vurğulayıb. X.Məmmədov bundan sonra test imtahanı suallarına məntiqlə yanaşı, ARDNŞ haqqında, həmçinin tələbələrin dünyagörüşünü öyrənmək üçün sualların da daxil edilməsinin məqsədəuyğun olduğunu bildirib. Yaxın günlərdə start veriləcək II turda Müsabiqə Komissiyası üzvləri ARDNŞ təqaüdünə namizədlərlə fərdi müsahibələr keçirəcək.

Xatırladaq ki, ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə bağlı olan bu layihəni 2004-2005 tədris ilindən etibarən həyata keçirir. İndiyədək ölkənin ali məktəblərində təhsil alan minlərlə tələbə ARDNŞ-ın təqaüdlərinə layiq görülüb. Təqaüdün aylıq məbləği 70 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR