Daun Sindromlu Şəxslərin Assosiasiyasının təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında xeyriyyə tədbiri keçirilib

Daun Sindromlu Şəxslərin Assosiasiyasının təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında xeyriyyə tədbiri keçirilib
# 28 oktyabr 2010 15:35 (UTC +04:00)
Bakı-APA. Daun Sindromlu Şəxslərin Assosiasiyasının təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında xeyriyyə tədbiri keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu assosiasiyanın “Dəcəllər” teatrının üzvləri olan balaca aktyorlar professional səhnədə tamaşaçılar qarşısında uğurla çıxış ediblər. Xüsusi qayğıya ehtiyacı olan bu istedadlı uşaqların çıxışları alqışlarla qarşılanıb. Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri, habelə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, sənət adamları və valideynlər iştirak ediblər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova uşaqları, valideynləri, tədbirin təşkilatçılarını təbrik edib. Xeyriyyə tədbirinin açılışında çıxış edən assosiasiyanın rəhbəri uşaq hüquqlarının təmin edilməsinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, ölkəmizdə xeyirxahlıq rəmzi olan, xeyriyyəçilik missiyasını yerinə yetirən Heydər Əliyev Fondunun nəcib işlər gördüyünü, kimsəsiz, əlil, habelə talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətlə yanaşdığını, onların müalicəsi üçün böyük səylər göstərdiyini vurğulamış, xeyriyyə tədbirinin bu qəbildən olan uşaqların ehtiyaclarına ictimaiyyətin diqqətini yönəltmək, onların problemlərinin həllində səylərin birləşdirilməsi məqsədini daşıdığını qeyd edib. Tədbirdə uşaqların ehtiyaclarına yönəlmiş xeyriyyə yardımları toplanıb. Ombudsman da öz xeyriyyəçilik ənənəsinə sadiq qalaraq əməkdaşları ilə birlikdə Daun sindromlu uşaqlara yardım göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR