Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 05 yanvar 2011 08:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının III ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın III ongünlüyündə Kür çayında suyun sərfi ayın II ongünlüyünə nisbətən saniyədə 21 kub metr artaraq 127 kub metr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 5, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-i keçib.

Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 32,4 kub metr olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-i keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,76-6,72 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR