Azərbaycanda “Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması” Layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması” Layihəsinin icrasına başlanılıb
# 06 yanvar 2011 08:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dövlət Əmək Müfəttişliyinin (DƏM) Potensialının Artırılması layihəsi”nin icrasına başlanılıb.

Müfəttişlikdən APA-ya verilən məlumata görə, “Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsi üç illikdir. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin DƏM-in rəhbər işçiləri ilə sıx əməkdaşlığı nəticəsində qurumun potensialının gücləndirilməsinə dəstək vermək məqsədi ilə bir çox fəaliyyətlərin həyata keçiriləcəyi nəzərdə tutulur. Bu fəaliyyətlər peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunmasına xidmət edəcək.

Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən layihə AETS-in (Fransa) rəhbərlik etdiyi və digər 4 tərəfdaşın - GVG (Almaniya), BILSP (Bolqarıstan), BAD (Almaniya) and APAVE (Fransa) - daxil olduğu beynəlxalq konsorsium tərəfindən icra olunur. Beynəlxalq ekspertlər qrupuna Niderland Əmək Müfəttişliyinin sabiq baş direktoru Paul Huijzendveld rəhbərlik edir.

“Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsinin məqsədi Əməyin Mühafizəsi üzrə norma və standartların inkişaf etdirilməsi, sosial dialoqun aparılması üçün müvafiq şəraitin yaradılması, hərtərəfli və qarşılayıcı yanaşmalar üzrə imkanların artırılması, laboratoriyaların müasirləşdirilməsi, iş yerlərində Əməyin Mühafizəsi üzrə standartların tətbiq olunması və cəmiyyətin məlumatlandırılması səviyyəsinin yüksəldilməsi ilə Dövlət Əmək Müfəttişliyinin potensialının artırılmasıdır.

Layihənin birinci ili ərzində (2011-ci ilin avqust ayına kimi) əməyin mühafizəsinə dair qanunvericilik aktları, Dövlət Əmək Müfəttişliyinin (DƏM) əsasnaməsi və təşkilati strukturu üzrə qaydalarla bağlı təkliflər hazırlanacaq. Həmçinin ölkə səviyyəsində (əməyin mühafizəsi üzrə Milli Şura), regional səviyyədə, sənaye və istehsal sektorları səviyyəsində əməyin mühafizəsi üzrə sosial dialoqun (dövlət, işəgötürənlər və həmkarlar ittifaqları arasında müzakirə) təşkili strukturu nəzərdən keçiriləcək və inkişaf etdiriləcək. DƏM-in lazımi informasiya əldə etməsi, prioritetləri müəyyənləşdirməsi və qabaqlayıcı planlaşdırma tədbirləri mexanizmlərinin inkişaf etdirməsini asanlaşdırmaq məqsədi ilə əmək müfəttişlərinin təlim ehtiyacları təhlil olunacaq və iş yerləri haqqında məlumat bazası işlənib hazırlanacaq. Layihə çərçivəsində 2011-2013-cü illərdə DƏM-in həyata keçirdiyi siyasətlər, əməliyyat prosedurları və etik davranış öhdəliklərinin inkişafı etdirilməsi, müfəttişlərə təlimlər keçirilməsi və DƏM-in laboratoriya avadanlıqlarına qoyulan tələblərin hazırlanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR