Bu ilin sonunadək Azərbaycanda pensiya təyinatı tam avtomatlaşdırılacaq

Bu ilin sonunadək Azərbaycanda pensiya təyinatı tam avtomatlaşdırılacaq
# 12 yanvar 2011 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu ilin sonunadək Azərbaycanda pensiya təyinatının tam avtomatlaşdırılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, bu işlər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq aparılır.

Bu proqrama əsasən, Azərbaycanda pensiya təyinatının tam avtomatlaşdırılması 2013-2015-ci illərdə yekunlaşdırılmalıdır: “Amma biz çalışırıq ki, bunu 2013-cü ilə qədər həyata keçirək. Bu məsələdə hər şey bizim məlumatları tam toplayaraq məlumat bazamıza daxil etməyimizdən asılıdır. Burada əsas problem odur ki, 2009-cu ilin sonunda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi. Bu dəyişikliyə görə, 2006-cı il yanvarın 1-dək olan dövr üçün pensiya kapitalının hesablanması zamanı staj əsas götürüldü. Bu dövrdəki hər il üçün 170 manat hesablanma nəzərdə tutulub. Hazırda bizim fərdi uçot bazamızdakı işləyənlərin 2006-cı ilin 1 yanvarınadək olan stajları barədə məlumatlar yığılmalıdır. Həmin stajlar illərin sayına uyğun olaraq 170 manata qurulmalı, daha sonra illər üzrə inflyasiya faizlərinə vurulub, indeksləşdirilərək 2006-cı ilin 1 yanvarından indiyədək toplanılan pensiya kapitalının üzərinə əlavə edilməlidir. Hesab edirəm ki, bu proses 2011-ci il ərzində başa çatdırılacaq. Hazırda bu iş çox sürətlə aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR