Azərbaycan yaxın illərdə özəl pensiya fondları ilə bağlı qanunvericilik bazası yaradacaq

Azərbaycan yaxın illərdə özəl pensiya fondları ilə bağlı qanunvericilik bazası yaradacaq
# 12 yanvar 2011 14:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda həm özəl pensiya fondlarının yaradılması, həm də əmək pensiyalarının üçüncü pilləsi olan yığım hesablarının açılaraq orada real yığım vəsaitlərinin yerləşdirilməsi məsələləri ilə bağlı qanunvericilik bazasının yaradılmasının 2012-2013-cü illərdə aparılması nəzərdə tutulub. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

Fond sədri deyib ki, artıq 2015-ci ildən həmin vəsaitlərin tam şəkildə hesablarda yerləşdirilməsi nəzərdə tutulur: «Ölkədə maliyyə bazarı sürətlə inkişaf edir. Məncə, qeyd edilən müddətdə də bunun həyata keçirilməsi mümkün olacaq».

S.Müslümov əlavə edib ki, 2011-ci ilin yanvarın 1-ə olan məlumata görə, DSMF-nin mərkəzi və yerlərdəki orqanlarının xəzinə hesablarında təqribən 15 mln. manat əlavə vəsait toplanılıb. Hazırda DSMF-nin fərdi uçot sistemində 1 800 300 nəfərdən çox şəxsə fərdi hesab açılıb: «Bu hesablarda 2006-2009-cu illər üzrə sosial sığorta haqlarının ödənilməsi ilə bağlı məlumatlar toplanılıb. Artıq 2010-cu il üçün məlumatların toplanılmasına başlanılır. Bu ödəmələr də qeydiyyatda olan şəxslərin hesablarına yerləşdiriləcək. Hesablara yerləşdirilmiş vəsaitlər barədə məlumatların bizim sayta yerləşdirilməsi məsələsi artıq fondda geniş müzakirə edilir. Burada çox vacib məsələlərdən biri də təhlükəsizlik məsələləridir. Hazırda bununla bağlı bu sahə üzrə ixtisaslaşmış şirkətlərlə məsləhətləşmələr aparırıq. Bütün hallarda bu prosesi həyata keçirməliyik. Çünki hər bir şəxs bizim sayta daxil olaraq, özünün sosial sığorta şəhadətnaməsinin nömrəsini qeyd etməklə, hesabında toplanılmış vəsait, həmin vəsaitin hansı mənbədən əldə edilməsi barədə məlumatı mütləq əldə etməlidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR